Dünya Bankı Azərbaycan üçün 100 milyon dollar ayırmaq fikrindədir

06.12.2019

 

Dünya Bankı (DB) ilə Azərbaycan hökuməti arasında məşğulluğun dəstəklənməsi layihəsinin həyata keçirilməsi üçün $100 mln. məbləğində kreditin ayrılmasına dair danışıqlar son mərhələdədir. Bu barədə  bankın Azərbaycan nümayəndəliyinin rəhbəri Navid Hassan Naqvi məlumat verib.

“Bu layhə ilə bağlı danışıqlar faktiki olaraq başa çatıb. Biz çox sayda görüşlər keçirdik, Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri ilə bütün məsələləri müzakirə etdik. Yaxın zamanda kreditin təsdiq olunmasını gözləməyə dəyər”, – Naqvi bəyan edib.

Xəbər verildiyi kimi, DB bu layihənin reallaşdılmasına $100 mln. ayırmağı planlaşdırır. DB-nin Direktorlar Şurası bu layihə üçün kreditin ayrılmasını 2020-ci ilin birinci rübündə təsdiqləyəcəyi planlaşdırılır.

Layihə Azərbaycan əhalisinin iş axtaran həssas qrupları: gənclər, qadınlar, məcburi köçkünlər, əlillər və təhsil səviyyəsi aşağı olan insanlar arasında məşğulluqla bağlı vəziyyətin yaxşılaşdırılmasına yönəldilib.

Layihə üç komponentdən ibarət olacaq: özünüməşğulluq proqramının əhatə dairəsi və səmərəliliyinin artırılması; işlə təmin etmə xidmətlərinin həyata keçirilməsi üçün Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsi; layihənin idarə edilməsi, monitorinq və qiymətləndirmə.

Xəbər verildiyi kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2019-cu ildə özünüməşğulluq tədbirlərinin təşkilinə 56 mln. 41,4 min manat (cari məzənnə ilə $33 mln.) yönəltməyi planlaşdırır.

2018-ci ildə proqram 6 min ailəni əhatə edib, 2019-cu ildə 8-10 min ailəni, 2020-ci ildə 15 minədək ailəni əhatə edəcək. Proqramın məqsədi insanların həyat səviyyəsini yaxşılaşdırmaq, kiçik sahibkarlığın inkişafına təkan verməkdən ibarətdir. Proqram aztəminatlı ailələr üçün nəzərdə tutulub. Belə ailələr kənd təsərrüfatı texnikası, avadanlıq və mal-qara ilə təmin olunur.

Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Bu günədək bank 54 layihənin həyata keçirilməsi üçün respublikaya ümumilikdə $3,4 mlrd. məbləğində kredit ayırıb.

İnterfaks-Azərbaycan

Bütün xəbərlər